Noyabrın 4-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd Mədəniyyət Evində Zəfər Günü münasibətilə tədbir keçirildi.Xocalı rayon Kosalar kənd tam orta məktəbinin, Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin, Xocalı rayon Kosalar kənd mədəni - maarif müəssisələrinin birgə təşkil etdiyi tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ülvi Hüseynov, Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmin Abdullayev, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, nümayəndəliyin əməkdaşları, mədəniyyət, təhsil işçiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və məktəblilər iştirak etdilər. Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Xocalı Rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Zəfər Gününün ikinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu zəfəri bizə qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyərək, qazilərimizə sağlam və firavan həyat arzuladı. Sonra məruzə ilə çıxış edən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin tarix müəllimi Akif Rüstəmov 30 il bundan əvvəl mənfur düşmənlərimizin başlatdığı işğalçılıq siyasətindən danışdı. Bildirdi ki, erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatlar işğalçı ölkəyə heç bir təzyiq göstərmədilər. Öz yurd-yuvalarından didərgin düşən məcburi köçkünlər doğma torpaqlarımıza qayıdacaqları ümidini heç bir zaman itirmədilər. Nəyi, necə və nə zaman edəcəyini yaxşı bilən Cənab Prezidentimiz uğurlu siyasəti ilə dövlətimizin gücünü, qüdrətini gündən-günə artırdı. 27 sentyabr 2020-ci il tarixində erməni təxribatçılarına qarşı başladılan əks-hücum əməliyyatı Müzəffər Ordumuzun şanlı qələbəsi ilə yekunlaşdı. Beləliklə, düşmənə döyüş meydanında dərs verildi, haqq-ədalət bərpa olundu və torpaqlarımız işğaldan azad edildi. İndi Azərbaycan xalqı zəfər sevinci, qələbə əhval-ruhiyyəsi ilə məğrur xalq kimi yaşayır. Şəhid Araz Hümbətovun atası Rəsul Hümbətov, şəhid Xəzani Əsgərovun bacısı Yeganə Həsənova, Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş Elman Abdullayev çıxış edərək 30 il ərzində yurd həsrətilə yaşadıqlarını, qisas və zəfər gününü səbrsizliklə gözlədiklərini bildirdilər. Vətən müharibəsində əldə edilən qələbədən sonra başı uca, məğrur xalq kimi yaşadığımızı dedilər. Xocalı rayon Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ülvi Hüseynov, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev çıxış edərək öz zəfər təəsüratlarını çatdırdılar. Bildirildi ki, Vətən müharibəsində Xocalı oğulları qəhrəmanlarımızın döyüş yoluna, vətənpərvərlik məktəbinə sadiq qalaraq igidliklə döyüşlərə atıldılar. Biz bu şanlı qələbəni Ali Baş Komandanımızın qətiyyəti, mərd Vətən oğullarının hünəri, şəhidlərimizin qanı və canı hesabına və qazilərimizin öz sağlamlıqlarını itirməkləri naminə əldə edə bildik. İndiki və gələcək nəsillər xalqımızın qəhrəmanlıq salnaməsini yaxşı öyrənməli və həmişə böyük zəfərimizlə fəxr etməlidirlər. Daha sonra söz Şanlı Zəfər tariximizdə imzaları olan Vətən müharibəsi iştirakçılarına verildi. Torpaqlarımızın azadlığı uğrunda könüllü olaraq döyüşlərə qatılan vetranlarımız döyüş xatirələrini danışdılar. Müharəbənin ən ağır günlərində arxalarında orduya çevrilən xalqımızın nəfəsini, dəstəyini hiss etdikcə döyüş əzmlərinin artdığını qeyd etdilər. Zəfər tədbirində Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda yazılmış, Vətən müharibəsinə həsr edilmiş şeirlər səsləndirdilər, səhnəcik nümayiş etdirdilər, dünya xalqlarına ingilis dilində Qarabağ həqiqətləri barəsində müraciət ünvanladılar. Xoş ovqatla yekunlaşan tədbirin sonunda Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.